“AtaBank” problemin bir neçə gün ərzində həll ediləcəyini vəd edir, amma...
“AtaBank” ASC-nin kartları ilə əməliyyatlar texniki səbəblərdən müvəqqəti olaraq dayandırılıb.
İnsider.az xəbər verir ki, hazırda bankın bütün növ kartları ilə heç bir əməliyyat həyata keçirmək mümkün deyil. Bankdan sözügedən məlumatı təsdiqləyiblər və problemin bir neçə gün ərzində həll ediləcəyini və əməliyyatların bərpa olunacağını bildiriblər.
“Texniki nasazlıq səbəbindən hazırda kartlar aktiv deyil. Sabah günün ikinci yarısından, yaxud maksimum gələn həftədən aktiv olmalıdır”, - deyə “AtaBank”dan bildirilib.
Qeyd edək ki, ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra “AtaBank” ASC-də ilkin araşdırmalar aparılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı ötən həftə yaydığı məlumatda bildirib. Araşdırmaların bankda əmanətləri olanlar arasında yaranmış narahatlıqla bağlı aparıldığı bildirilir. Belə ki, bəzi məlumatlara görə, əmanətçilərin “AtaBank”dan əmanətlərini götürməsində problemlər var.
Açıqlamaya görə, araşdırmalar nəticəsində “AtaBank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi, “Atabank”da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB bankda yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq.
2019-cu il oktyabrın 1-nə “AtaBank”ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4% az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2% az), balans kapitalı isə 142,636 milyon manat (1,3% az) təşkil edib. Bununla belə, bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4% az) başa vurub.
Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur.
Qeyd edək ki, sabiq vergilər naziri Fazil Məmmədova məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü barədə məlumatlar lap çoxdan var.
Ötən həftə iqtisadçı-ekspert Qubad İbadoğlu da bankda baş verənlərlə bağlı yazıb. O bildirib ki, “AtaBank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir: “Ötən il oktyabr ayının 1-nə olan son məlumata görə, aktivləri 532 milyon manat, depozitləri 286.3 milyon manat, kredit portferli 374.7 milyon manat olan ”AtaBank" ASC əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir. Belə ki, 2019-cu ilin sentabr ayından etibarən əmanətlərini geri çəkmək istəyənlər bu istəklərini reallaşdıra bilmirlər. Bir sözlə, “Ata Bank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir. Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı “AtaBank” ASC, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ən qısa müddətdə açıqlamalar verməlidir. Çünki söhbət 286.3 milyon manatlıq əmanətlərin taleyindən gedir".
Göründüyü kimi, bankla bağlı vəziyyət gözlənildiyindən də mürəkkəbmiş. Kartla bağlı yaranmış problem də buna sübut ola bilər.
APA-Economics