avon-un-kontrolu-the-body-shop-brendinin-sahibine-kecir

“Avon”-un kontrolu “The Body Shop” brendinin sahibinə keçir

“The Body Shop” kosmetika brendinə sahib olan “Natura Cosméticos” (Braziliya şirkəti) “Avon”-un satınalması barədə razılıq əldə edib. Sövdələşmə barədə hələ ki, rəsmi elan olmayıb. 

İnsider.az bu barədə “Financial Times” və “The Wall Street Journal”-a istinadla xəbər verir.

“FT”-ın verdiyi məlumata görə, sövələşmənin gedişatında “Avon”-un bütün biznesi 2 milyard dollar dəyərində qiymətləndirilib. “Natura Cosméticos” şirkətin 76%-ni əldə edəcək, qalan hissə “Avon” səhmdarlarına məxsus olacaq.

“WSJ” isə sövdələşmə məbləğini açıqlamır, lakin qeyd edilir ki, mayın 22-si gündüz saatlarında “Avon”-un kapitallaşması 1,42 milyard dollar təşkil edirdi.

Mənbələrin dediyinə görə, şirkətlər bir neçə ay danışıq aparıblar. “FT”-ın fikrincə, “Avon”-un satınalması “Natura Cosméticos”-a Asiya, Avropa və Latın Amerikası bazarlarında inkişaf etməyə kömək edəcək.

Yeri gəlmişkən, “Cerberus Capital” investşirkəti 2016-cı ildə “Avon”-un Şimali Amerikadakı biznesinin 80%-ni 170 milyon dollara almışdı. Bu bölmə Koreyanın “LG Household & Health Care” şirkətinin 2019-cu ildə əldə etdiyi ayrıca özəl şirkət oldu. Əgər “Natura Cosméticos”-la “Avon” arasındakı sövdələşmə baş tutsa, Şimali Amerikadakı biznes sövdələşməyə daxil olmayacaq.

Xatırladaq ki, cari ilin yanvar ayında “Avon” bütün dünya üzrə şirkətin təxminən 10%-ni, yəni təqribən 2300 əməkdaşını ixtisar edəcəyini açıqlamışdı. Ötən il şirkət ştatının təxminən 8%-ni ixtisar etdi.

Samirə Məmmədova