Avropa Mərkəzi Bankı (ECB) iyun ayı üzrə faiz qərarını açıqlayıb.
Pproqnoza uyğun olaraq, bank depozit faizini 3,50 faizə yüksəldib ki, bu da son 20 ildən çox müddətdə ən yüksək səviyyədir.
Yenidən maliyyələşdirmə dərəcəsi 4 faizə, marjinal maliyyələşdirmə dərəcəsi isə 4,25 faizə çatdırılıb.
Belə ki, bank yüksək inflyasiya ilə mübarizə çərçivəsində 8-ci iclasda faiz artımı tsiklini davam etdirib.
ECB, gələcək qərarlarında faiz dərəcələrinin kifayət qədər məhdudlaşdırıcı səviyyədə olmasını təmin edəcəyini bildirib.
Keçmiş faiz artımlarının iqtisadiyyata mərhələli şəkildə təsir etdiyi bildirilib, məlumatlara əsaslanan yanaşmanın davam edəcəyi ifadə edilib.
İnflyasiya və iqtisadi artım proqnozlarına yenidən baxılıb.
ECB rəsmiləri inflyasiyanın uzun müddət daha yüksək qalacağını bildirib və 2023-cü il üçün inflyasiya proqnozunu 5,3 faizdən 5,4 faizə yüksəldib. 2024-cü il üçün gözlənti 2,9 faizdən 3 faizə yüksəldilib.
Baza inflyasiya proqnozu 2023-cü il üçün 4,6 faizdən 5,1 faizə, 2024-cü il üçün isə 2,5 faizdən 3 faizə yüksəldilib. Qiymət təzyiqlərinin güclü olaraq qaldığı vurğulanıb.
İqtisadi artım proqnozları aşağı salınıb. 2023-cü il üçün proqnoz 1 faizdən 0,9 faizə, 2024-cü il üçün proqnoz isə 1,7 faizdən 1,5 faizə endirilib.
ECB-dən fərqli olaraq, ABŞ Federal Ehtiyat Sistemi dünən faiz artırmağa fasilə verib.