avropada-koronavirusun-ikinci-dalgasi-baslayir-mehdudiyyetler-qayidir

Avropada koronavirusun ikinci dalğası başlayır, məhdudiyyətlər qayıdır

Ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusla dünya təşvişə düşdü. Təəssüflər olsun ki, Azərbaycan ərazisində də COVID-19-a yoluxma halları qeydə alındı.

Son zamanlar ekpsertlər koronavirusla mübarizədə həyəcan təbili çalır və infeksiyanın ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər.

Artıq dünyada bu virusa yoluxanların sayı 18 milyon 739 min 413 nəfəri keçib. Təhlükəyə qarşı daha ciddi addımlar atılması vacibdir.

Bir sıra ölkələr karantin rejimini daha tez ləğv etdiyinə görə ölüm hallarının sayı artdı. Avropanın müxtəlif ölkələrində mütəxəssislər ikinci dalğa ilə bağlı narahatlıqlarını bildirirlər.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib ki, koronavirus səbəbindən məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub.

O əlavə edib ki, dünyada azı 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum olub. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi reallaşdırılsa da, bu imkanlar bütün şagirdlərə çatdırıla bilməyib. Pandemiyadan əvvəl 250 milyondan çox məktəb yaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq, məktəbi bitirib.

Estoniyada da vəziyyət gərgindir. Qurumun rəyinə görə, artıq bu ölkədə COVID-19 pandemiyasının ikinci dalğasının başlandığı qeyd olunur. Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl həmin rəqəm 1,0 idi.

Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başlandığını elan edib. Təşkilat bildirib ki, Almaniya koronavirusun yayılmasının ikinci dalğasının başlanğıcındadır və vəziyyət yalnız iki-üç həftədən sonra dəqiq bilinəcək. Mütəxəsislər bunun xaricə gedən və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu bildiriblər. Onların fikrincə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir.

“University College London” və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları  İngiltərədə daha güclü ikinci COVID-19 dalğasının olacağını xəbər verirlər. Bildirilir ki, ölkədə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəblər yenidən fəaliyyətə başlayarsa, sakinlər qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID-19 dalğası ilə üz-üzə qalacaq.

İngilis elm adamlarının araşdırmasında deyilir ki, Böyük Britaniyada məktəblər sentyabr ayında tam işləmə rejiminə keçərsə, bu, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq.

Alimlər məktəblərin necə açılacağını - tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq, payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdiriblər.

Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Elmi Şura hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.

“Le Figaro” qəzeti çərşənbə axşamı şuranın açıqlamasından sitat gətirib: “Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir”.

“Worldometers” portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, hazırda yoluxma sayına görə, ABŞ, Braziliya, Hindistan, Rusiya, Cənubi Afrika, Meksika, Peru, Çili, İspaniya, Kolumbiya ilk onluqdadır.

Avqustun 3-də Fransanın Baş naziri Jan Kasteks koronavirusun hələ də bütün ölkədə yayıldığına görə, rahatlanmamalı və sayıqlığı itirilməməli olduqlarını söyləyib.

“Worldometers” portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox xəstəlik halı qeydə alınıb, 30 minə yaxın yoluxan şəxs ölüb.