İsveç Rusiyanın 3 diplomatını persona non-qrata elan edəcək.
Bu barədə İsveç Xarici İşlər Nazirliyindən bildirilib.
Rəsmi Moskvanın daha bir təmsilçisi Avropa ölkələrinin rusiyalı diplomatları qovmasına münasibət bildirib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib ki, belə addımlar Avropa ölkələri ilə ikitərəfli münasibətlərə zərbə vura bilər.
“Aydındır ki, bu kampaniya əvvəlcədən hazırlanıb. Diplomatik kanallar vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurulur. Biz kimsəylə münasibətlərimizi kəsmirik. Qərb dövlətlərinin qeyri-dost hərəkətlərinin isə sərhədi görünmür”, - nazir müavini söyləyib.
13:19
İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.
Bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, rəsmi Romanın addımına cavab olaraq müvafiq tədbirlər görüləcək.
12:22
Danimarka hökuməti Rusiyanın 15 diplomatını persona non-qrata elan edib.
Bu barədə Danimarkanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-dən bildirilib ki, bu, tarixi addımdır: “Biz bunu bir çox Avropa ölkələri ilə birlikdə edirik. Çünki təhlükəsizliyimizi təmin etmək istəyirik”.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Danimarkanın addımına münasibət bildirib. O deyib ki, bu ölkənin Rusiyadakı diplomatik nümayəndəlikləri barədə oxşar tədbirlər görüləcək.
İtaliyanın “Corriere della Sera” qəzeti isə diplomatik mənbələrə istinadən yazır ki, rəsmi Roma Rusiyanın onlarla diplomatını ölkədən çıxarmaq niyyətindədir. Məlumata görə, həmin diplomatlaırn siyahısı hazırdır.
Qeyd edək ki, əvvəllər də digər Avropa ölkələri oxşar addımlar atmışdı.