avropanin-indiye-qeder-yasadigi-en-boyuk-bohran

Avropanın indiyə qədər yaşadığı ən böyük böhran

Borrell sanksiyaların Avropa İttifaqı üçün ciddi nəticələri barədə xəbərdarlıq edib. Avropa diplomatiyasının rəhbəri enerji böhranını “Avropanın indiyə qədər yaşadığı ən böyük böhran” adlandırıb.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra ciddi çətinliklərlə üzləşib.

Bunu bazar günü Avstriyanın “Kronen Zeitung” qəzetinə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

"Biz Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırırıq. Nə qədər ki, Rusiya iqtisadiyyatı neft və qazdan asılıdır, onun bizim texnologiyamıza ehtiyacı olacaq. Əlbəttə, biz qısamüddətli perspektivdə böyük problemlərlə üzləşirik. Qazın qiymətinin qalxması danılmazdır. Amma biz azadlığın bədəlini ödəməyə hazır olmalıyıq", - Borrell bildirib.

O, enerji böhranını “Avropanın indiyə qədər yaşadığı ən böyük böhran” adlandırıb. "Əvvəl borc böhranı, sonra pandemiya, indi isə enerji. Yeganə həll yolu birlikdir", - Avropa diplomatiyasının rəhbəri bildirib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının "rəhbərlərinin" yardım xahişinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra Qərb Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.