Avstraliya Ukraynadakı vəziyyətlə əlaqədar Belarus Prezidenti Aleksandr Lukaşenkonu və onun ailə üzvlərini sanksiyalar siyahısına daxil edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Biz, həmçinin onun oğluna - Belarus hökumətində əvvəllər milli təhlükəsizlik məsələləri üzrə yüksək vəzifələrdə çalışmış Viktor Lukaşenkoya və həyat yoldaşı, Belarusun birinci xanımı Qalina Lukaşenkoya qarşı da sanksiyalar tətbiq edirik”, - deyə bəyanatda bildirilir.
Səlahiyyətlilər yeni sanksiyaların müdafiə naziri Viktor Xrenin də daxil olmaqla Belarusun 13 fiziki və hüquqi şəxsinə qarşı əvvəllər tətbiq edilən sanksiyalara əlavə olduğunu bildiriblər. Avstraliya hesab edir ki, Minsk Rusiya Federasiyasına Belarus ərazisindən Ukraynada xüsusi əməliyyat keçirməyə icazə verməklə Moskva üçün mühüm strateji rol oynayıb.
XİN-dən bildirilir ki, Avstraliya hökuməti “Russia Today” telekanalının baş redaktorları da daxil olmaqla 22 Rusiya təbliğatçısı və dezinformasiya təminatçısını sanksiya siyahısına əlavə edib.
Daha əvvəl Avstraliya Rusiya Prezidenti Vladimir Putinə və ölkənin digər yüksək səviyyəli rəsmilərinə, o cümlədən xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsevə qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, ABŞ Dövlət Administrasiyası da Belarus Prezidenti Aleksandr Lukaşenko və onun həyat yoldaşı Qalinaya qarşı sanksiyalar tətbiq edib və onları yenidən “qara siyahı”ya salıb.
Oxu.Az