Ayda çəkilən ilk görüntülər hərraca qoyularaq 1 milyon 820 min dollara satılıb.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Sotheby" hərrac evinin ictimai media hesabından edilən paylaşımda, "Apollo 11-in aya enişinin bu günə qədər qalan ən yaxşı görüntüləri olan NASA video kaset qeydləri New Yorkdakı hərracda 1.8 milyon dollara satılıb."- qeyd edilib.
Bu günə qədər qorunan 3 orijinal kaset cəmi 2.5 saat videodan ibarətdir. Görüntülərdə astronavt Neil Amstrongun Aya ilk ayaq basdığı an və ABŞ-ın o dövrdəki rəhbəri Richard Nixonun çıxışı var.
Qeyd edək ki, video kasetlər 1976-cı ildə NASA-nın təcrübədə olan işçisi Gary George-a hərracda əlavə 65 kasetlə birgə 217 dollar 77 sentə satılıb. NASA-dan aldığı kasetlərin bəzilərini yerli televiziyalara satan George, sözügedən 3 kaseti atasının tövsiyəsi ilə özündə saxlayıb. NASA Aya ilk enişin 50-ci ildönümü üçün çəkilişləri axtardıqda, George ilk dəfə kasetlərə baxıb və istənilən görünütülərin onlar olduğunu anlayaraq satışa çıxarıb.