Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sosial şəbəkədə məlumat paylaşıb.
Nazir bir müddətdir ki, ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.
Rəhimov Azad Arif oğlu 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Bakı şəhərində, 134 saylı məktəbdə orta təhsil alıb.
1981-1986-cı illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.
1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.
Mərhumun bir övladı var.
Allah rəhmət eləsin!