azerbaycan-banklarinin-xarice-olan-borclari-azalib

Azərbaycan banklarının xaricə olan borcları azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri bu il avqustun 1-nə 1 milyard 471,2 milyon manat təşkil edib.

İnsider.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, iyulun 1-i ilə müqayisədə 29,4 milyon manat və yaxud 1,96% azdır.

Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 356,9 milyon manat və yaxud 19,5%, son 1 ildə isə 413,1 milyon manat və yaxud 21,9% azalıb.

Bankların manatla olan depozitləri iyulun 1-i ilə müqayisədə 1,5% artaraq bu il avqustun 1-nə 7 milyard 555,4 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 7,6%, son 1 ildə isə 27% çoxdur.

Xarici valyutada olan depozitləri isə bir ay ərzində 0,1% artaraq bu il avqustun 1-nə 9 milyard 455,7 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 0,6%, son 1 ildə isə 0,9% çoxdur.  

Bankların məcmu xarici aktivləri iyulun 1-i ilə müqayisədə 2,9% azalaraq 6 milyard 291,9 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 6,5%, son 1 ildə isə 8,5% çoxdur.

Bankların xalis xarici aktivləri 4 milyard 495,9 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 4,7% azdır, amma ilin əvvəlinə nisbətən 14,9%, son 1 ildə isə 16,9% çoxdur.

© “Report”