azerbaycan-dilinin-orfoqrafiya-lugeti-nesr-olundu

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu

Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.

Tərcümə Mərkəzindən verilən məlumata görə, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.

Lüğətin tərtibçisi və Ön sözünün müəllifi – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti – filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyev, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru – Lətafət Səmədovadır.

Kitab “Şərq-Qərb” nəşriyyatında çap edilib.