Azərbaycan “elektron imza”ların qarşılıqlı tanınması ilə bağlı Belarusla anlaşma memorandumu imzalamağa hazırlaşır.
İnsider.az xəbər verir ki, bunu eksklüziv olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbə bildirib.
Mənbənin məlumatına görə, memorandumun bu il dekabrın 3-6-da Bakıda təşkil olunacaq 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi (“Bakutel-2019”) çərçivəsində imzalanması gözlənilir.
“Elektron imza”ların qarşılıqlı tanınması üçün iki əsas məsələ var. Birincisi texniki, digəri isə siyasi məsələdir. Hazırda texniki baxımdan bütün məsələlər həll olunub. Yalnız siyasi məsələlər qalıb ki, bu çərçivədə də Xarici İşlər Nazirliyi (XİN) və digər aidiyyəti qurumlar iş aparır. Əgər onlar işləri ilin sonuna qədər yekunlaşdıra bilsə biz dekabrda Bakıda baş tutacaq 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi (“Bakutel-2019”) çərçivəsində anlaşma memorandumu imzalamaq niyyətindəyik”, - mənbə bildirib.
Qeyd edək ki, Azərbaycan hökuməti “Elektron imza”ların qarşılıqlı tanınması ilə bağlı Belarusla yanaşı Türkiyə ilə də danışıqlar aparır.
©Report