azerbaycan-elifbasinin-muellifi-afad-qurbanovun-ad-gunudur

Azərbaycan əlifbasının müəllifi Afad Qurbanovun ad günüdür

Bu gün akademik Afad Qurbanovun doğum günüdür. O, 1929-cu il yanvarın 10-da Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olmuşdur. 

O, pedaqoji fəaliyyətə 16 yaşında ikən orta kənd məktəbində direktor və Azərbaycan dili müəllimi kimi başlamışdır. Aspirantlıqdan Azərbaycan SSR Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvlüyünə və SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavininə qədər şərəfli bir yol keçən A.Qurbanov dilçiliyin bir sıra sahələrinin əsasını qoymuş, Azərbaycan dilçiliyi, onomalogiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair filoloji elmi məktəb yaratmışdır. O, tanınmış təhsil təşkilatçısı kimi 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini kimi ilk dəfə ali məktəblərdə tədris olunan dilçilik fənlərini qruplaşdırmış və onların tədrisində bir sistem yaratmağa nail olmuşdur. 

70-80-ci illərdə rektor və Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini işlədiyi müddətdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun intibah dövrü, onun tamamilə yenidənqurulması, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə o zaman yeganə olan respublika müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır.

1990-ci ildə Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Əlifba Komissiyasının sədri və müasir Azərbaycan Əlifbasının müəllifi kimi A.Qurbanovun ölkədə əlifba islahatının aparılmasında misilsiz xidmətləri olmuşdur. Afad Qurbanovun çoxsaylı monoqrafiya və dərslikləri dünya və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir. Onun müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçilərinin yaradıcılığının inkişafına güclü təsir göstərməkdədir.