azerbaycan-exxon-ve-chevron-sirketlerinin-paylarinin-alinmasi-ucun-avrobondlar-buraxmayacaq

Azərbaycan “Exxon” və “Chevron” şirkətlərinin paylarının alınması üçün avrobondlar buraxmayacaq

Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsindən çıxmaq niyyətində olan Amerikanın “Exxon” və “Chevron” şirkətlərinin paylarının alınması üçün avrobondların yerləşdirilməsini planlaşdırmır. Bunu maliyyə naziri Samir Şərifov deyib.

“Biz “Exxon” və “Chevron” şirkətlərinin AÇG layihəsindəki paylarının alınması üçün bondların buraxılmasını planlaşdırmırıq”, - S.Şərifov bildirib.

İnsider.az xəbər verir ki, 2018-ci ilin dekabr ayında “Exxon” və “Chevron” AÇG layihəsindəki paylarını satmaq planları barədə bəyan ediblər.

Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, SOCAR və onun “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi üzrə tərəfdaşları satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir.

Aprelin əvvəlində verilən məlumata görə, ВР şirkəti “Exxon” və “Chevron” şirkətlərinin AÇG layihəsindəki paylarının alınmasını nəzərdən keçirməyə hazırdır.

Sözügedən layihədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

© “İnterfaks-Azərbaycan”