azerbaycan-fransiz-universiteti-baglanir-resmi-aciqlama

Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA

Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı barədə xəbər yayıldıqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) də eyni aqibəti yaşayacağı barədə şübhələr yaranıb.

Məsələ ilə əlaqədar  Elm və Təhsil Nazirliyindən bildirilib ki, narahatlığa heç bir əsas yoxdur:

“Fransa-Azərbaycan Universiteti hazırda fəaliyyətini davam etdirir və bağlanması ilə bağlı hansısa bir müzakirə aparılmır”.

Xatırladaq ki, UFAZ-ın açılışı 15 sentyabr 2016-cı ildə baş tutub. Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.

Burada tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin (Neft-qaz mühəndisliyi) tədris proqramı üzrə ingilis dilində aparılır.

Hazırda UFAZ-da dörd ixtisas tədris edilir: kimya mühəndisliyi, geofizika mühəndisliyi, kompüter elmləri və neft-qaz mühəndisliyi.

UFAZ tələbələrinin 80%-dən çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.

Oxu.Az