azerbaycan-koronavirusla-bagli-abs-a-sorgu-verdi

Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi

"ABŞ-da koronavirusa yoluxan həmvətənlərimizin sayının müəyyənləşdirilməsi istiqamətində addımlar atırıq. Artıq bununla bağlı ABŞ-ın müvafiq dövlət qurumuna sorğu vermişik. ABŞ hospitalları pasiyentlərin vətəndaşlığını qeydə alıb federal hökumətə məlumat verdikdən sonra sorğumuz cavablandırılacaq". 

İnsider.az xəbər verir ki, bu fikirləri Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə məsul əməkdaşı Şəlalə Vəliyeva deyib.

Onun sözlərinə görə, hazırda ABŞ dünyada koronavirusa yoluxanların sayına görə birinci yerdədir: "Şübhəsiz ki, koronavirusa yoluxanlar arasında həmvətənlərimiz də var. Səfirliyin əsas məqsədlərindən biri də ABŞ-da yaşayan vətəndaşlarımızın vəziyyəti barədə mümkün məlumatları toplamaq, hüquqi yardım göstərmək və maarifləndirmə işini aparmaqdır. Bizə daxil olan məlumata görə, vətəndaşlarımız arasında çox az sayda olsa da, koronavirusa yoluxanlar var. Biz bu statistika ilə bağlı siyahı tərtib etməyə çalışırıq. Bunun üçün üzərimizə düşən işləri görürük”.

Şəlalə Vəliyeva
Ş.Vəliyeva bildirib ki, Azərbaycan icması koronavirusun episentri olaraq bilinən Nyu-York, Kaliforniya, Texas, Massaçusets, Virciniya və digər bir çox ştatlarda daha sıx yaşayır: "Biz daha yaxından dəstək göstərə bilməyimiz üçün həmvətənlərimizə səfirliyin rəsmi veb-saytını ziyarət etməyi məsləhət görürük. Hazırda konsulluğun rəsmi veb-səhifəsində link yerləşdirilib. Hələ konsulluq qeydiyyatından keçməyən vətəndaşlarımıza da müraciət edirik. Onlar daha operativ konsulluq xidmətindən yararlanmaq üçün qeydiyyatdan keçsinlər. Həmvətənlərimiz səfirliyin sutkanın 24 saatı fəaliyyət göstərən "Qaynar xətt"inə zəng edib onlara lazım olan məlumatları ala bilərlər". 


"ABŞ qanunvericiliyinə əsasən, koronavirus testi ödənişsiz əsasda aparılır. Ştatlar üzrə səhiyyə departamentlərinin telefon nömrələri və qaynar xətləri mövcuddur. Soydaşlarımızdan özlərini və yaxınlarını qorumaq üçün ciddi şəkildə gigiyenik qaydalara, yerli hakimiyyət orqanlarının sosial məsafə saxlamaq və evdən bayıra çıxmamaq tələblərinə ciddi şəkildə riayət etmələrini istəyirik. Özündə simptomlar hiss edən hər kəsin həkimə müraciət etməsi xahiş olunur. Bu halda miqrasiya statusundan və tibbi sığortanın mövcud olub-olmamasından asılı olmayaraq, həkimin və ya səhiyyə mərkəzinin yönləndirməsi ilə testin aparılması məqsədilə müəyyənləşdirilən məntəqə və xəstəxanalara müraciət etməyiniz zəruridir”, - səfirlik əməkdaşı qeyd edib.

Eyni zamanda Ş.Vəliyeva ABŞ-da yaşayan həmvətənlərimizi səfirliyin ABŞ-Azərbaycan Ticarət Palatası ilə birgə USACC-nin (The United States-Azerbaijan Chamber of Commerce (USACC)) "facebok" səhifəsi üzərindən həyata keçirdiyi canlı müzakirələrə qatılmağa dəvət edib: "Həftənin hər cümə günü yerli vaxtla 05:00-da səfirlik əməkdaşları Azərbaycanda koronavirusla mübarizə, ABŞ-da Azərbaycan icması, konsulluq xidmətləri, səyahət xəbərdarlıqları, vizalar və s. məsələlərlə bağlı suallarınızı cavablandırmaq üçün birbaşa yayımda olacaq".


Səfirlik əməkdaşı həmçinin vurğulayıb ki, ABŞ-ın bəzi şəhərlərində yaşayan soydaşlarımız koronavirusla bağlı ehtiyacı olan vətəndaşlarımıza dəstək göstərməkdədir: “Biz bu cür xəbərləri alırıq və qürur duyuruq. Səfirlik bütün dəstək göstərən şəxslərə təşəkkür edir. Bu çətin vaxtlarda həm Azərbaycanda, həm də ölkədən kənarda soydaşlarımızın həmrəylik nümayiş etdirmələri çox vacibdir”.

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfirliyi koronovirus pandemiyasına görə xüsusi rejimdə fəaliyyət göstərir. ABŞ-da yaşayan, təhsil alan, səfərdə olan vətəndaşlarımız sualları yaranacağı təqdirdə həftənin 7 günü və sutkanın 24 saatı fəaliyyət göstərən səfirliyin "Qaynar xətt"i (+1 202 820 0987, +1 202 560 3583) ilə əlaqə saxlaya bilərlər.

Report