azerbaycan-merkezi-banki-faiz-qerarini-aciqladi

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 8,5%-dən 8,25%-ə endirdi.

İnsider.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti iclası keçirilib. İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsihaqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Beləliklə, Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 5-ci dəfə faiz endirdi.

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin fevral ayında uçot dərəcəsi 13%-ə, aprel ayında 11%-ə, iyul ayında 10%-ə, oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin  fevral ayında 9,25%-ə, mart ayında 9%-ə, aprel ayında 8,75%-ə, iyun ayında isə 8,5%-ə endirilmişdi.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri faiz qərarı faiz dəhlizinin parametrlərinə həsr olunan mətbuat konfransında bildirdi ki, bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması nəzərə alınmaqla qəbul edilmişdir.