Türkiyənin cənubunda yerləşən Antalya ərazisinə görə, ölkənin altıncı böyük rayonudur. 3 milyona yaxın əhalisi olan şəhər və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında Aralıq Dənizi bölgəsinin qərbindədir. Cənubunda Aralıq dənizi, qərbində Muğla, şimalında Burdur və Isparta, şimal-şərqində Konya, şərqində isə Karaman və Mersin rayonları var.
Məlumat üçün bildirək ki, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığına tabe 3-cü Piyada Təlim Briqada Komandanlığı və Hava Qüvvələri Komandanlığına tabe Hava Meydan Komandanlığı məhz Antalyada yerləşir.
Əlverişli iqlim şəraiti olan Antalya, 1980-ci ildən sonra önəmli turizm tədbirləri sayəsində sürətlə inkişaf etmişdir.
İnsider.az xəbər verir ki, belə mühüm tədbirlərdən biri isə HESTORUEX - Sağlıq, alternativ turizmi üzrə konqres və sərgisidir. Qeyd edək ki, Antalya artıq üçüncü ildir ki, bu möhtəşəm tədbirə ev sahibliyi edir.
Möhtəşəm layihə ölkənin Xarici işlər nazirliyi, Mədəniyyət və turizm nazirliyi, İqtisadiyyat nazirliyi, Səhiyyə nazirliyi, Gənclər və idman nazirliyinin dəstəyi və Prezidiumun rəhbərliyi altında həyata keçirilir.
HESTOUREX sərgi-konqresi çərçivəsində tematik müzakirə panellərində, sağlıq, idman və alternativ turizmin uğurlu inkişafı sahəsində aktual məsələlər müzakirə edilib, fikir mübadilələri aparılıb.
Bu il 4-7 apreldə Antalyanın ANFAŞ (Antalya Fuarcılık İşletme ve Yatırım A.Ş.) Expo-Mərkəzində keçirilən konqres sərgidə dünyanın 165 ölkəsindən 6000 nümayəndə iştirak edib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə sərgini Avropa, Asiya, yaxın Şərq və Afrikada yerləşən 165 ölkədən 5000 peşəkarın ziyarət etmişdir. Tədbirdə iştirak etmək üçün dünyanın səhiyyə, idman və alternativ turizm sahəsinin peşəkar və liderləri, eləcə də eksponentlər və alıcılar dəvət edilir.
İştirakçılar sırasında Azərbaycan, Estoniya, Litva, Rusiyanın, Misir, Malayziya, Yunanıstan, Almaniya, Özbəkistan, Tunis, İran, Bosniya və Kiprin idman federasiyaları da yer alıb.
Tədbirə yüksək səviyyəli qonaqlar qismində TC Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Antalya Valisi Münir Karaloğlu və AKTÜEL İdarə heyətini sədri Mehmet Okan Kaya qatılıb.
“İlk dəfə 2017-ci ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun himayəsi altında reallaşdırılan “Hestourex” həm Türkiyə, həm də dünya turizmi üçün çox önəmli görüşlərə və iş müqavilələrinin bağlanmasına səbəb oldu. Beynəlxalq standartlara cavab verən dövlət xəstəxanalarının və özəl sağlıq qurumlarımızı tanıtdıq. Dolayısı ilə, sağlıq turizmində iddialı olduğumuz, eləcə də dünyanın bir çox inkişaf etmiş ölkələrində bu sahədəki imkanlarımızın məlum olduğu bir daha sübut olundu”, - bunu HESTOUREX-2019 konqres-sərginin açılışında TC Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu deyib.
Qeyd edək ki, tədbirdə Hosted Buyer proqramına xüsusi yer ayrılıb. Türkiyədə yeganə, dünyada isə ən iri B2B platformalarından olan sərgi-konqres, 12 ay ərzində işgüzar görüşlər çərçivəsində müxtəlif ölkələr arasında ikitərəfli əməkdaşlığın yaradılması yolu ilə dayanıqlı turizmin inkişafına istiqamətlənib.
“Artıq üçüncü ildir ki, ənənəyə çevrilən HESTOUREX konqresinin sağlıq turizminə böyük dəstək verir, bununla yanaşı Azərbaycan bu sahədə əldə etdiyi təcrübəni bölüşməkdə, yeni perspektivlər təyin etməkdə maraqlıdır”, - Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisinin direktoru Fərid Məcidovbildirib.
Sağlamlıq turizmi sahəsini əhatə edən tədbirdə turizm məhsulları üzrə mütəxəssislərin, hotel təmsilçilərinin, Azərbaycanı təmsil edən həkimlərin sağlamlıq turizminin əhəmiyyəti, qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində B2B formatında görüşləri keçirilib.
B2B görüşlərin nəticələrini bölüşən direktoru Ramiz Əliyev, “Burada həm Türkiyənin Səhiyyə Nazirliyinin sağlıq turizmi şöbəsinin, həm Türkiyənin böyük xəstəxanalarının müdirləri, onların təşkilatçıları ilə və digər ölkələrin səhiyyə təşkilatları ilə görüşlərimiz oldu. Səhiyyə turizmində Azərbaycanda da bəlli addımlar atılmaqdadır. Azərbaycanın “Qalaaltı”, “Duzdağ”, “Naftalan” kimi kurortları artıq səhiyyə turizmi marşrutlarına daxil olub. Bundan əlavə, Bakıya gələn turistlərin sağlamlıq problemləri ilə məşğul olmaq üçün bizim klinikalarımız bəlli bir səviyyəyə çatıblar”, - deyə bildirib.
“Məqsədimiz həm Azərbaycanın turizm potensialını inkişaf etdirmək, həm də Azərbaycanın inkişafda olan sağlamlıq turizmini bundan sonra daha da genişləndirməkdir. Bununla yanaşı Türkiyə ilə mövcud geniş əlaqələri qoruyub saxlamaq, zaman keçdikcə daha da inkişaf etdirməkdir. tədbir çərçivəsində bir çox ölkələrin nümayəndələri ilə görüşlər keçirmişik, bu görüşlər davam etdirilir. 2019-cu, eyni zamanda 2020-ci ildə hədəfimiz turizm potensialını daha da inkişaf etdirək. Ümidvarıq ki, biz buna qısa müddətdə nail olacağıq”, - turizm şirkətinin direktoru İlahə İbrahimova bildirib.
HESTOUREX sərgi-konqresinin əhəmiyyətindən danışan turizm eksperti Ceyhun Aşurov, “Təbii ki, biznesdə əsas şərtlərdən biri qarşılıqlı əməkdaşlıqdır. Burada Hindistan, Polşa, Ukrayna, MDB ölkələri də daxil olmaqla müxtəlif ölkələrin nümayəndələri iştirak edir. Qarşılıqlı əlaqələrin qurulması üçün bu qəbildən olan tədbirlər çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanı həm sağlamlıq turizmi nöqteyi-nəzərindən, həm də turizm məkanı kimi tanıtmaq üçün ölkəmizə dair həm turizm imkanları, həm də turizm məhsulları haqqında qarşı tərəfə, cari tərəfdaşlarımıza məlumat ötürürük”, - deyib.
Səbinə Səmidxan