Azərbaycan sentyabrın 12-də Birləşmir Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq.
Insider.az xəbər verir ki, bu barədə Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
Onun sözlərinə görə, Monitorinq Komitəsinin iclasında Energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Esmira Cəfərova iştirak edəcək.
Qeyd edək ki, sentyabrın 12-də Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında ticarət müharibələrinin təsiri və 2020-ci il üçün proqnozu müzakirə ediləcək.
Xatırladaq ki, bu barədə jurnalistlərə OPEC-in Baş katibi Məhəmməd Barkindo bu gün Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi zamanı bildirib.
O bildirib ki, iclasda Monitorinq Komitəsi avqust ayı üzrə məlumatları nəzərdən keçiriləcək: “Həmçinin bazardakı vəziyyəti, daha doğrusu, davam edən ticarət mübahisələrinin dünya iqtisadiyyatına necə təsir etdiyini qiymətləndirəcəyik. 2020-ci il üçün proqnozu nəzərdən keçirəcəyik. Bu, çox maraqlıdır. Dördüncü rübə yaxınlaşırıq, ona görə də 2020-ci illə bağlı proqnozlar daha aydın olur. Bazarın 2020-ci ildə necə olacağı ilə bağlı uzan-uzadı danışacağıq", - M.Barkindo deyib.
O, həmçinin nazirlərin Vyana sazişi üçün yeni hədəf orientrləri məsələsini nəzərdən keçirə biləcəyini qeyd edib. "Bu məsələ hələ gündəmdə deyil, ancaq bazardakı vəziyyəti dəyərləndirərkən bunu da müzakirə edə bilərik", - o söyləyib.
Qeyd edək ki, OPEC+in hasilatın azaldılması üzrə sazişi 2020-ci il mart ayının sonuna qədər qüvvədədir və neftin qiymətini sabitləşdirmək məqsədi daşıyır. Sazişə əsasən, iştirakçı ölkələr hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsinə nisbətən gündəlik 1,2 milyon barel azaltmalıdır.
© Report