Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya istismarına başlanıldığı ilk ayda 90 mln. kubmetrdən artıq “mavi yanacaq” nəql edilib.
Bu barədə İnsider.az ICGB layihə şirkətinə (layihənin operatoru) istinadən xəbər verir.
Məlumata görə, 2022-ci il oktyabrın 1-dən noyabrın 1-dək kəmər vasitəsi ilə nəql edilən təbii qazın ümumi həcmi 95 mln. kubmetr (elektrik enerjisi ekvivalentində 1 mlrd. 105 mln. 908 min kVt/saat) təşkil edib.
Bildirilir ki, 182 kilometrlik qaz kəməri Yunanıstan və Bolqarıstanın qaz nəqli şəbəkələrini Komotini və Stara Zaqora məntəqələrində birləşdirir və Bolqarıstanın Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) birbaşa əlaqələndirir. IGB-nin ümumi gücü ildə 3 mlrd. kubmetrdir və bunun 1,57 mlrd. kubmetri 25 ilə qədər davam edən uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib.
“Hal-hazırda interkonnektor vasitəsilə nəql edilən təbii qazın miqdarı Bolqarıstanın istilik mövsümünün əvvəlindən bəri daxili istehlakının təxminən 1/3 hissəsini təmin edir”, - məlumatda vurğulanır.
Qeyd edək ki, kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 mlrd. kubmetrə çatdırmaq planlaşdırılır.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
“APA-Economics”