azerbaycan-sirketi-turkiyede-ofis-acib

Azərbaycan şirkəti Türkiyədə ofis açıb

Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq Azərbaycanda yaradılan “Prokon” şirkəti fevralda Türkiyənin Ankara şəhərində yeni ofisini açıb.

İnsider.az xəbər verir ki, ofis Ankaranın işgüzar rayonu olan Soğutozuda yerləşir.

Bildirilib ki, mühəndis-layihələndirmə, satınalma, tikinti və layihələrin idarə edilməsi xidmətlərini göstərən “Prokon” şirkətinin Türkiyədə ofisinin yaradılmasının məqsədi Türkiyə bazarında və qonşu ölkələrdə meydana gələn imkanların reallaşdırılmasında iştirak etmək və bu cür imkanları dəyərləndirməkdir.

“Prokon Makina İnşaat İmalat Montaj Sanayi ve Ticaret Limited Şirketi”nin baş direktoru Umut Egel bildirib ki, səriştəli tender idarəsi yaratmaq və yüksək ixtisaslı və təcrübəli insanları işə götürməklə, o cümlədən Azərbaycandan olan gənc mütəxəssislərə təlim keçməklə bu regionda yeni bazarları araşdırmaq məqsədi ilə bu ofisdən istifadə edilməsi planlaşdırılır: “Bundan başqa Türkiyədə yerləşməsi loqistika və təchizat baxımından çox əlverişlidir və gələcəkdə onu loqistika əməliyyatları üçün başlanğıc nöqtəsi olaraq istifadə etmək mümkündür”.

Qeyd edək ki, “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə Azərbaycanda yaradılan “Prokon” şirkəti sənaye obyektlərinin tikintisi üzrə irimiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən biridir.

Report