Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi barədə şərtləri açıqlayıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəisi Elnur Kələntərov video paylaşıb.
O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına, həmçinin qanunlarına riayət edilməsi barədə öhdəlik götürən, Azərbaycanın dövlət dilini bilməsi barədə müvafiq sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mənşəyindən irqi və milli mənsubiyyətindən, dinə münasibətindən, cinsindən, təhsilindən, siyasi və digər əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər.
E.Kələntərovun sözlərinə görə, şəxs əvvəlcə Azərbaycanda iki il müddətində müvəqqəti yaşama icazəsi ilə qalmalıdır:
“Daha sonra isə beş il müddətində daimi yaşama icazəsi ilə fasiləsiz qalmaq olar. Fasiləsiz o deməkdir ki, həmin şəxs Azərbaycandan kənarda il ərzində 90 gündən artıq vaxt keçirməməlidir.
Vətəndaşlığa qəbul şərtləri haqqında daha ətraflı məlumat barədə buradan tanış ola bilərsiniz.
Oxu.Az