azerbaycan-xezer-deniz-gemiciliyi-bilet-satisini-dayandirdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bilet satışını dayandırdı

Koronavirusun (2019-nCoV) yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır.

Bununla bağlı Qazaxıstan tərəfi Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan şirkətləri, o cümlərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) məlumatlandırıb.   

Qərara əsasən, sərnişin, sürücü, vaqon bələdçiləri və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək.  

Bununla əlaqədar olaraq,  ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı dayandırılıb. Məhdudiyyət aradan qaldırıldıqdan sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, koronavirusla bağlı ASCO əks-epidemik profilaktik tədbirlər həyata keçirir. Şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib. Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri  (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub.