azerbaycana-gelen-turistlerin-sayinda-ikiqat-artim-var

Azərbaycana gələn turistlərin sayında ikiqat artım var

“Turizm sektorunda yenidən canlanma başlayır. Bu ilin əvvəlindən qeydə alınan rəqəmlər, yanvar-mart ayları arasında ölkəyə gələn vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfədən çoxdur”.

Bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, yanvar-fevral aylarında Azərbaycana gələn vətəndaşların sayı təxminən 75 min olubsa, mart ayında gələnlərin sayı 100 minə yaxın olub:

“Ötən ilin sonu proqnozalaşdırırdıq ki, bu il üçün rəqəm 50 faiz artımla qeydə alınacaq. Lakin cari ildə qeydə alınan rəqəmlər bizim proqnozlardan da üstün oldu, ikiqat artım oldu. Böyük regionumuzu götürəndə, qlobal siyasi dəyişikliklər, münaqişələr var, bizim prioritet bazarlarımızda müəyyən siyasi gərginlik var. Bu səbəbdən daha dəqiq proqnozlar vermək çətindir. Lakin əsas odur ki, 2019-cu ildə qeydə alınan rekord rəqəmlərə bir addım da olsa, yaxınlaşırıq. Müqayisədə o rəqəmlərdən 60 faiz geriləmə var. Əlbəttə ki, Azərbaycan Turizm Sənayesi 2019-cu ildə olduğu qədər turistləri, hətta daha çoxunu qəbul etməyə hazırdır”.

K.Quluzadə onu da qeyd edib ki, postpandemiya dövrü olsa da, müəyyən qadağalar hələ də var:

“Quru sərhədlər hələ də bağlıdır, hava yolu ilə bir çox ölkələrin vətəndaşlarına Azərbaycana gəlməyə icazə verilmir. Ötən ilin yayından prioritet bazarlar üzrə bir sıra hava sərhədləri açılıb. Yenə də buna həm pandemiya dövrünün qərarları, həm də siyasi, dəyişkən dünyaya uyğunlaşan qərarlar var ki, Azərbaycana kimlər hansı yollarla gələ bilərlər. Bu məsələnin də təsiri var”.

Oxu.Az