azerbaycana-gelen-turistlerin-viza-almasi-qaydasi-tesdiqlenib

Azərbaycana gələn turistlərin viza alması qaydası təsdiqlənib

Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər turizm vizası alacaqlar.

Bu, Milli Məclisin dekabrın 27-də III oxunuşda qəbul etdiyi "Turizm haqqında" yeni qanunda əksini tapıb.

Qeyd edilib ki, turizm vizasında ölkədə qalma müddəti 30 (otuz) günədək müəyyən edilir.

Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və yerləşmə vasitəsində yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Azərbaycana gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər.

Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 (üç) iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 (üç) saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Report