Bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 48 min nəfər və yaxud 20,8% çoxdur.
İnsider.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, son 1 ildə ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında qeydə alınıb. İran üzrə artım 2 dəfə (33 min nəfər gəlib), Mərkəzi Asiya ölkələri üzrə artım isə 88% olub.
Gələn əcnəbilərin 6,7 min nəfəri və yaxud 13%-dən çoxu Gürcüstanın, 5,3 min nəfəri və yaxud 8%-dən çoxu Rusiyanın payına düşüb.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 3,3 dəfə artım deməkdir.
Cənubi Asiya ölkələri arasında Hindistandan (83,7% və yaxud 3 min nəfər), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96,1% və yaxud 3,8 min nəfər) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.
2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 2,4 milyona çatıb.
Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1,26 milyon nəfər və yaxud 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94,5 min nəfər və yaxud 21,7% olub.