Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, martın 1-dən ölkəmizdə əməkhaqqının minimum məbləği 180 manat müəyyən olunub.
İnsider.az xəbər verir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Bu sahədə vəziyyətə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə nəzarət olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildiriblər ki, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin sistemdə əhatə olunub.
Yəni elektron sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilən bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. 2019-cu il martın1-dək 180 manatdan aşağı məbləğdə əməkhaqqı müəyyən etmiş işəgötürənlər martın 1-dən bu məbləğin 180 manata çatdırılması barədə əvvəlcədən məlumatlandırılıb.
Elektron sistemdə minimum əməkhaqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.