Sosial şəbəkələrdə, ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan görüntülərlə bağlı dərhal Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb. Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon, İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dərhal hadisə yerinə yollanan polis əməkdaşları onu həmin kənd ərazisində aşkar edib.
“Aşkar edilən zaman qadın videoda göstərildiyi kimi tövlədə olmayıb. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək”, - deyə E.Qasımov qeyd edib.
11.08
Gədəbəydə ahıl qadın şiddətə və işgəncəyə məruz qalır.
Bu görüntüləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.
Görüntülərdə qeyd edilir ki, 85 yaşlı Səkinə adlı qadın Gədəbəy rayonunun İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılır.
Bildirilir ki, Qadın Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır.
Məsələ ilə bağlı Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video ilə bağlı müvafiq araşdırma aparılır:
“Nəticəsi barədə tezliklə məlumat veriləcək”.
Oxu.Az