Dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, yaz sərgi mövsümü iyun ayına təxirə salınıb. Bunu "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, sərgi mövsümünü "Xəzər dənizinin nefti və qazı" 27-ci Beynəlxalq sərgi və konfransı "Caspian Oil & Gas" və 10-cu Yubiley Xəzər Beynəlxalq "Enerji və Alternativ Enerji" – "Caspian Power" sərgiləri ilə açılacağı planlaşdırılır. Bu sərgilər Bakı Ekspo Mərkəzində 1-3 iyun tarixlərində keçiriləcək.
"Bununla yanaşı, bu il neft-qaz konfransının tərkibini genişləndiririk və ənənəvi enerji mənbələri və bölgədə alternativ yaşıl enerjinin inkişafına həsr ediləcək yeni markamızı –"Baku Energy Forum"u işə salırıq. Daha sonra, 10-12 iyun tarixləri arasında 14-cü Azərbaycan Beynəlxalq "Kənd Təsərrüfatı" – "Caspian Agro", 26-cı Azərbaycan Beynəlxalq "Qida Sənayesi" – "Interfood Azerbaijan", və 14-cü Qafqaz Beynəlxalq "Hər şey hotellər, restoranlar və supermarketlər üçün" – "Horex Caucasus" sərgilərinin keçiriləcəyi gözlənilir. Bütün payız layihələrimizi qrafikə uyğun həyata keçirməyi planlaşdırırıq. Tədbirlərimizin tam siyahısı ilə ceo.az saytında tanış olmaq mümkündür", - deyə F. Məmmədov qeyd edib.
Şirkətinin baş direktoru həmçinin əlavə edib ki, sərgilərin gələn ilə təxirə salınması haqqında düşünülmür, lakin bu, əhalinin peyvəndləməsinin nə qədər uğurlu olmasından, pandemiya ilə mübarizə və uçuşlarda məhdudiyyətlərlə bağlı vəziyyətin inkişafından asılı olacaq: "Bildiyiniz kimi, sərgi iştirakçılarının təxminən yarısı xarici şirkətlərdir, bu səbəbdən onların iştirakı üçün ölkəyə giriş şəraitinin yaradılması və bütün təhlükəsizlik tədbirlərinə riayət olunması çox vacibdir".
F. Məmmədov əlavə edib ki, xüsusi qayğıya ehtiyacı olan insanlar üçün ənənəvi olan "Fərqli fərdlər" konqresi pandemiya səbəbindən 17-18 aprel tarixləri arasında onlayn formatda keçiriləcək: "Builki fərq budur ki, konqres mövzuların əhatəsini genişləndirəcək və həm xüsusi ehtiyacı olan uşaqlara, həm də böyüklərə həsr ediləcək. Pandemiya ilə əlaqədar ekstremal fəaliyyət şəraitində olan şəxslərin, o cümlədən hərbi əməliyyatlarda sosial və psixoloji uyğunlaşma probleminə xüsusi diqqət yetiriləcək".
APA