azerbaycanda-covid-19-dan-olen-jurnalistlerin-sayi-aciqlandi

Azərbaycanda COVID-19-dan ölən jurnalistlərin sayı açıqlandı

Azərbaycanda monitorinqin nəticələrinə görə 117 jurnalist koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında qeyd edilib.

Yoluxanlardan səkkiz nəfər jurnalist həyatını itirib.

Bildirilib ki, Azərbaycanda pandemiyanın KİV-in fəaliyyətinə təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb:

“Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da KİV-lərdə iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərə maliyyə yardımının  göstərilməsini davam etdirib.

Ənənəvi yardım proqramının fond tərəfindən il boyu tətbiq edilməsi media çalışanları, xüsusilə qəzet redaksiyaları üçün əlavə xilas rolu oynayıb” .

Monitorinqlər göstərir ki, Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu yoxdur. Bununla yanaşı iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi  ölkədə KİV çalışanlarının dörd faizini əhatə edib.