Mərkəzi Bankının İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.
Şirkətə müvəqqəti inzibatçı təyin edilib, habelə şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib.
İnsider.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, qanunvericiliyə uyğun olaraq ASC “Standard Insurance” Sığorta Şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılıb və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilib.
ASC “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşib.
Prezident İlham Əliyevin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlayıb.
Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilib və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılıb.
Lakin səhmdarlar tərəfindən şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməyib. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və şirkət son iki ili zərərlə başa vurub.
Şirkətin bazar davranışları, xüsusilə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarıb.
Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlib.