azerbaycanda-fehle-is-basinda-oldu

Azərbaycanda fəhlə iş başında öldü

İyulun 7-i saat 16:00 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyev “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman cərəyanın vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.