azerbaycanda-icra-edilen-aqrar-layihenin-neticeleri-aciqlanib

Azərbaycanda icra edilən aqrar layihənin nəticələri açıqlanıb

Azərbaycana aqrar məsləhət xidmətləri və müsbət təcrübə modelləri təklif ediləcək.Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb.

Layihənin İşçi qrupu il ərzində görülmüş işlər barədə məlumat verib, layihənin yekununa - 2021-ci ilin sonunadək planlaşdırılan işləri müzakirə edib.

Layihənin əldə edilən nəticələrə əsasən, iqtisadi rayonların aqrar xəritələşməsi tamamlanıb, aqrar məsləhət xidmətinin ölkədəki vəziyyəti haqqında qiymətləndirmə başa çatıb. Bundan başqa, aqrar məsləhət xidmətlərinin nümunəvi modellərinin seçilməsinə, xidmət təminatçılarının bazasının yaradılmasına başlanıb.

Eyni zamanda, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ iqtisadi rayonlarının aqrar sahə iştirakçıları, aqrar məsləhət xidməti təminatçıları üçün seminarlar keçirilib. Eləcə də, noyabr ayında da digər iqtisadi rayonlar üçün analoji tədbirlərin planlaşdırıldığını vurğulanıb.

Müzakirələr aqrar məsləhət xidmətlərində rəqəmsal və peyk məlumatlarından istifadə, xidmət təminatçıları, fermerlər üçün idarəetmə və maliyyə mexanizmləri, xidmətlərin hüquqi aspektləri mövzularında keçirilib. 

FAO-nun Romadakı baş qərargahında layihənin baş texniki meneceri olan Nevena Aleksandrova Kənd Təsərrüfatı Nazirliyi və alt qurumlarına layihənin icrası ilə bağlı verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

O, qarşıdakı aylarda aqrar məsləhət xidməti modelləri üzərində daha intensiv müzakirələr aparılacağına diqqət çəkib.