Azərbaycanda ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində (BANM) buraxılış işlərinin onlayn müdafiəsinə start verilib.
Ali Məktəbin beşinci kurs tələbələri buraxılış işlərini, magistrantlar isə dissertasiya işlərini onlayn şəkildə müdafiə edirlər. Müdafiə prosesi “MS Teams” onlayn platforması üzərindən canlı formada Yekun Dövlət Attestasiya və İxtisaslaşdırılmış Elmi Şuranın üzvlərinin iştirakı ilə təşkil olunub.
2019/2020-ci təhsil ilində tədris planlarının bütün şərtlərini yerinə yetirmiş və tədris olunan bütün fənlər üzrə attestasiyalardan müvəffəqiyyətlə keçmiş “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarının tələbələrinin buraxılış işlərinin müdafiəsi davam edir.
Eyni zamanda, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının “Texniki sistemlərdə informatika və idarəetmə” ixtisaslaşması üzrə təhsil alan ikinci kurs magistratura tələbələri də dissertasiya işlərini onlayn formada müdafiə edirlər.
Sonda tələbələr professor-müəllim heyətinin suallarını cavablandırırlar.
Qeyd edək ki, tələbələr dissertasiya işlərinin hazırlanması yönündə uzun müddət elmi rəhbərləri ilə birgə işləyiblər.