azerbaycanda-iqtisadi-artim-suretlenib-udm-deki-artim-aciqlandi

Azərbaycanda iqtisadi artım sürətlənib ÜDM-dəki artım açıqlandı

2019-cu ilin yanvar-iyul aylarında ölkədə 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olmuşdur. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.

Insider.az xəbər verir ki, 2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 milyard 825,2 milyon manata çatmış, əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olmuşdu.

Azərbaycanda iqtisadi artım yanvar-aprel ayları üzrə 2,1%, yanvar-may ayları üzrə isə 2,2% təşkil etmişdi.

2019-cu ilin yanvar-iyul aylarında informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artmış, tikintidə isə 9,1 faiz azalmışdır.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artmışdır.