“Əmlak amnistiyası və ya kapital amnistiyası qeyri-maliyyə vəsaiti sayılır və daha çox investisiyaların qoyulması formasında təzahür edə bilər”.
İnsider.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov bildirib.
Onun sözlərinə görə, bu isə istehsal resursu kimi yeni iş yerlərinin yaradılmasında və işsizliyin aradan qaldırılmasında daxil olmuş maliyyə vəsaitləri üçün mühüm rol oynaya bilər: “Əlbəttə ki, bu birbaşa vətəndaşlara xeyirdir. Ölkəyə qayıtmış maliyyə resursları ilə yeni dəyərin yaradılmasıdır. Burda yalnız kapitalın və əmlakın amnistiyası deyil, həmçinin maliyyə borclarının amnistiyasından söhbət gedir. Ötən il ərzində toplanmış borcların və faizlərinin silinməsi olsun - bunlar amnistiya çərçivəsində nəzərdən keçirilir”.
A.Museyibov xatırladıb ki, ölkədə amnistiyanın müxtəlif formaları müəyyən dövrlərdə tətbiq edilib. 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vergi borcları silinib.
Xatırladaq ki, Azərbaycanda kapitalın və əmlakın amnistiyası 2020-ci ilin aprel-dekabr ayları ərzində nəzərdən keçiriləcək. Bu iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə həyata keçiriləcək və Nazirlər Kabinetinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Report