Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə vergi orqanlarında müvafiq tədbirlər keçirilir.
İnsider.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, vergilər nazirinin müvafiq əmri ilə “Vergi orqanlarında könüllü fəaliyyətin təşkilinə dair Tədbirlər Planı”nı və Vergilər Nazirliyinin və könüllülərin vəzifə və hüquqlarını özündə əks edən “Haqqı ödənilməyən (könüllü) fəaliyyət haqqında müqavilə” təsdiq edilib.
Bu il aprelin 15-dən Bakıda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərində 15 könüllü fəaliyyət göstərməyə başlayıb. Onlarla görüşlər keçirilib, müvafiq təlimatlandırma aparılıb. Ümumiyyətlə ilkin mərhələdə Bakı, Sumqayıt, Şirvan, Lənkəran, Gəncə, Goranboy və Şəmkir şəhərlərində yerləşən xidmət mərkəzlərində 30 könüllünün fəaliyyət göstərəcəyi nəzərdə tutulur.