azerbaycanda-korpe-hekim-sehlenkarliginin-qurbani-olub-resmi

Azərbaycanda körpə həkim səhlənkarlığının qurbanı olub - RƏSMİ

Şirvanda körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb, mama-ginekoloq barəsində iltizam qətimkan tədbiri seçilib.

Bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Sabirabad rayon sakini Elnurə Binyətovanın 08.08.2022-ci il tarixdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində doğduğu yenidoğulmuş körpənin ölməsi faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş körpə ölüb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Fərqanə Qədirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.