azerbaycanda-ovladligagoturme-ile-bagli-yenilik

Azərbaycanda övladlığagötürmə ilə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" alt sistemi yaradır.

İnsider.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, həmin alt sistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də, övladlığagötürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.

Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da qeyd olunan sahədə əlavə vaxt itkisinin aradan qaldırılmasına, övladlığagötürmə sahəsində idarəetmənin elektron infrastruktur üzərində qurulmaqla prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.

Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.