Yaxın günlərdə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndəliyi hesab olunan - kənd təsərrüfatı attaşesinin Bakıda daimi əsaslarla işə başlayacağını gözləyirik.
Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsinə cavabdeh şəxsin olması, Azərbaycanla qarşılıqlı əlaqələrin gücləndirilməsinə, məsələlərin kritik hala gəlməzdən əvvəl vaxtında həll olunmasına imkan verəcək.
“Bu, dünyada mövcud olan ümumi bir təcrübədir, amma Rusiya üçün yenidir. İndi ölkəmiz kənd təsərrüfatı attaşesini Rusiya kənd təsərrüfatı məhsullarının prioritet idxalçıları siyahısında olan ilk 25 ölkəyə göndərməyə hazırlaşır”, - deyə Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi qeyd edib.
Azərbaycanda yetişdirilən pomidorun Rusiyaya idxalına qoyulan qadağa ətrafındakı vəziyyətdən danışan R.Mirsayapov gələcəkdə bu kimi mənfi məqamların aradan qaldırılması üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
“Ölkələrimizin səlahiyyətli orqanları arasında (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, “Rosselxoznadzor”) birbaşa dialoq qurulub. Müəssisələr onlayn rejimdə araşdırılır, videokonfrans zamanı məhsul tədarükünə icazə verilən şirkətlərin siyahıları genişləndirilir”, - deyə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi vurğulayıb.
Oxu.Az