azerbaycanda-texniki-su-sebekesi-ne-vaxt-yaradilcaq-resmi-aciqlama

Azərbaycanda texniki su şəbəkəsi nə vaxt YARADILCAQ? - Rəsmi AÇIQLAMA

Dünyanı şirin, içməli su ehtiyatlarının azlığı narahatlıq doğurur. Dünya əhalisinin 40 faizinin içməli su problemindən əziyyət çəkdiyi bildirilir. Bəzi məlumatlarda 2030-cu ilə qədər dünya əhalisinin yarıya qədərinin su çatışmazlığı ilə üz-üzə qalacağı proqnozlaşdırılır.

İçməli su ilə bağlı durum Azərbaycanda da ürəkaçan deyil. Bu ilin yazında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov mətbuata açıqlamasında Azərbaycanın adambaşı su ehtiyatının miqdarına görə 100 ölkə arasında 90-cı yerdə olduğunu bildirib.

Onun sözlərinə görə, son illər su ehtiyatlarımız azalıb və 50-ci ilə qədər su ehtiyatlarımızın 15-20 faiz azalacağı gözlənilir.

Problemin həlli yolları kimi çirkab suların yenidən yararlı hala gətirilməsi, eyni zamanda, yağış sularından təkrar istifadə göstərilir. Su qıtlığının yaranmaması üçün içməli suya qənaət də mütləqdir.

Sovetlər dönəmində məişətdə içməli yox, texniki sudan istifadə edilirdi. Lakin ölkəmiz müstəqil olduqdan sonra texniki su şəbəkəsi yararsız hala salınıb. Məlumdur ki, içməli su texniki sudan qat-qat artıq vəsait hesabına başa gəlir və baha satılır.

Həm dövlət daha çox vəsait xərcləyərək içməli su əldə edir, həm də vətəndaşlar içməli suyu baha qiymətə alıb, məişətdə texniki su əvəzinə işlədirlər. Yəni içməli sudan yaşıllıqların suvarılması, avtoyuma məntəqələrində avtomobillərin, xalçaların yuyulmasında istifadə olunur. Bu da içməli suyun israfına, qıtlığına gətirib çıxarır.

Bəs, texniki su şəbəkəsinin yaradılması üçün hansı addımlar atılır?

Məsələ ilə bağlı “Azərsu” ASC- nin mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında gələcəkdə bu məsələ ilə bağlı layihənin nəzərdə tutulduğunu deyib:

“Bu gün paytaxt və regionlardakı abonentlər həm avtoyuma məntəqələrində, həm yaşıllıqların suvarılmasında, idarə və müəssisələrdə içməli sudan texniki su kimi istifadə edirlər. Hazırda texniki su şəbəkəsi mövcud deyil. Gələcəkdə su ehtiyatlarının azalması ilə bağlı alternativ mənbələrin istifadəsi bu məsələni zəruri edir. 

Bu yaxınlarda dövlət başçısı Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihə haqqında sərəncam imzaladı. Yəni təmizlənmiş tullantı sularının təkrar istifadə edilməsi nəzərdə tutulur. Qarabağda, Ağdam, Cəbrayıl, Füzuli və digər ərazilərdə olan layihələrdə tullantı sularının təmizlənməsindən sonra texniki məsələlərdə istifadəsi öz əksini tapıb. 

Bakıda pilot layihə keçirilir. Bundan sonra artıq bu məsələlərə baxılacaq”.