Azərbaycanda orta məktəblərdə bütün fənlər üzrə 4925 vakant müəllim yeri var.
İnsider.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.
Nazirlik rəsmisi deyib ki, may ayında İnsan Resursları Mərkəzi tərəfindən məktəblərdəki vakant yerlər haqqında məlumatlar sistemə daxil edilib.
Mərkəzin rəhbəri iyunun 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verildiyini xatırladıb. M.Camalzadə qeyd edib ki, namizədlər hazırda elektron sənəd qəbulu üçün şəxsi kabinetlərinə daxil olarkən vakant yerləri görə bilirlər.
M.Camalzadə əlavə edib ki, müsabiqədə iştirak edən müəllimlər öz istəklərinə uyğun vakant yer seçirlər, ondan sonra isə bal ardıcıllığı prinsipinə uyğun olaraq, onların yerləşdirilməsi aparılacaq.
Nazirlik rəsmisi bildirib ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək. Namizədlər yerdəyişmə müsabiqəsində diaqnostik qiymətləndirilmə və ya işə qəbul üzrə müsabiqədə topladığı balla iştirak edə bilərlər:
“Müəllimlərin ölkə üzrə diaqnostik qiymətləndirilməsi başa çatıb. Bu, o deməkdir ki, hər bir müəllimin diaqnostik qiymətləndirmə balı var. Namizədə şərait yaradılır ki, öz şəxsi istəyi əsasında istədiyi balı- diaqnostik qiymətləndirilmə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi balı seçə bilsin. Yəni namizədlər üçün onun iştirak etdiyi ən sonuncu imtahanın nəticəsini seçə bilməsi ilə bağlı məhdudiyyət qoyulmayıb”.