"Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur".
İnsider.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində çalışan əcnəbi ekspertlər də var: "Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı kvotalar mövcuddur. Kvotalara uyğun olaraq da Azərbaycanda işləmək istəyən şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini almaqla onlara iş icazələri verir. Eyni zamanda konkret olaraq iş yerləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid vakansiya bazası mövcuddur. Hazırda həmin vakansiya bazasının elektronlaşdırılması üzərində işlər yekunlaşmaq üzrədir. Biz tezliklə həmin sistemi vətəndaşların və Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin istifadəsinə verəcəyik".
©"Report"