azerbaycanda-yanan-mekteb-binasi-ile-bagli-resmi-aciqlama

Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəkidə məktəb binasında baş verən yanğın hadisəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib.

Bu barədə sorğuya cavab olaraq bildirilib ki, hadisə istifadəyə yararsız binanın ikinci mərtəbəsində baş verib.

Qeyd olunub ki, iyunun 19-da təxminən saat 23:10-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib:

"Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.

Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".

Qurumdan əlavə edilib ki, yanan korpusda tədris aparılmırdı.

Oxu.Az

07:52

Şəkidə məktəb binasında baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, yanğın nəticəsində ümumi sahəsi 1326 kvadratmetr olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.

Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

19 iyun, 21:12

Şəkidə məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.

Güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Hazırda ikimərtəbəli məktəb korpusunun söndürülməsi istiqamətində işlər aparılır.

Azı üç yanğınsöndürən texnikasının cəlb olunduğu bildirilib.

Report