2023-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 854,5 manat olmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2023-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 min nəfər və ya 2,0 faiz artaraq 1715,8 min nəfər olmuş, onlardan 901,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Xatırladaq ki, 2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat olmuşdu.
2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olmuşdu.