azerbaycandaki-hava-limani-ve-idman-komplekslerinin-icareye-verilmesi-teklif-edildi

Azərbaycandakı hava limanı və idman komplekslərinin icarəyə verilməsi - TƏKLİF EDİLDİ

"Azərbaycanda hava limanları, idman kompleksləri tikilir, hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur".

FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Rüfət Quliyev deyib. Deputat bu obyektlərin tender formasında icarəyə verilməsini təklif edib.

“Düşünürəm ki, Lənkəran hava limanını Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilərlər”, - deyə R.Quliyev əlavə edib.

Cəmiyyətdə bəzi iqtisadi suallara cavab tapılması üçün deputat ekspertlərin televiziyalara çıxmasını təklif edib: “15 ildir deputatam, 15 ildir də deyirəm. Danışanda da deyirik ki, TV-lərin bəziləri kommersiyadır, şəxsidir. Lakin onlara təkliflər olarsa onlar da geri addım atmaz. İqtisadi bloklarada ekspertlər çıxış etsinlər, sualları cavablandırsınlar. Son 2-3 ayda elmi dərəcəsini necə aldığı məlum olmayan şəxslər efirə çıxıb ağzına gələni danışırlar. Bu gün sual veriləndə ki, islahatlar effektini göstərir? Deyirəm, bəli, başlayıb. İqtisadiyyatda dəyişikliklər effektini 6 aya, 1 ilə göstərir. Ekspertlər efirə çıxsalar insanların suallarını cavablandırarlar. 10 gündən bir çıxışlar olsun, suallar cavablandırılısın. Televiziyalara baxanlar çoxdur”.

©Report