azerbaycandaki-testler-omikron-u-askarlaya-bilmir-nazirlikden-reaksiya

Azərbaycandakı testlər “Omikron”u aşkarlaya bilmir? - Nazirlikdən REAKSİYA

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, ölkə xaricindən Azərbaycana gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “Omikron” variantı aşkarlanıb.

Bu məlumat cəmiyyət arasında ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva Oxu.Az-a bildirib ki, əhali arasında yanlış fikir yayılıb ki, hazırda ölkədə yeni virus peyda olub və testlər bunu aşkar edə bilmir:

“Bu, tamamilə yanlış düşüncədir. Koronavirusun bütün ştammları istər “Alfa”, “Beta”, “Delta”, istərsə də “Omikron” COVID-19 PCR testində müsbət göstərir. Amma bu test hansı ştamm olmasını fərqləndirə və təyin edə bilmir. Ştammın növünü təyin etmək üçün isə əlavə laborator analizə ehtiyac olur. COVID-19 PCR testi neqativ olan xəstələr böyük ehtimal digər respirator viruslardan birinə yoluxmuş hesab olunurlar. Bunlar arasında uzun müddət davam edən, daha çox ağırlaşmalara və bakterial koinfeksiyalara meyilli olan növ “influenza”dır”.