azerbaycandan-cixan-valyuta-daxil-olani-1-milyarda-yaxin-usteledi-kesir-yaranib

Azərbaycandan çıxan valyuta daxil olanı 1 milyarda yaxın üstələdi - KƏSİR YARANIB

2020-ci ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyyə balansı açıqlanıb.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin 6 ayı üzrə tədiyə balansının ümumi saldosunda 957,5 milyon dollar kəsir yaranıb. Ötən ilin eyni dövründə tədiyə balansında 3 milyard  635 milyon dollar profisit yaranmışdı.

"Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin 6 ayı üzrə tədiyə balansının1 əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 598.2 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 956.4 milyon dollar kəsir yaranmış, ehtiyat aktivləri 957.5 milyon dollar azalmışdır. Bu dövrdə orta neft qiyməti 41.9 dollar/barel olmuş, qeyri-neft ixracı isə 6.1% azalmışdır“, - Mərkəzi Bankın məlumatında bildirilir.

Cari əməliyyatlar hesabı 2020-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən  5.1 dəfə azalaraq 598.2 milyon dollar təşkil etmişdir. Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nəzərən 1.9 dəfə (2.8 mlrd.dollar) azalaraq 3.3 mlrd.dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 12.1% (0.4 mlrd.dollar) azalaraq 2.7 mlrd. dollar məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşmışdır.

2020-ci ilin 1-ci rübündə Azərbaycanının tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar kəsir yaranmışdı. Beləlikə, 2-ci rübdə kəsir azalıb. 

Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Kəsir - ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələməsinin nəticəsidir.

Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir.  Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramır və idxal yenidən artır.