Dünyanın bütün naz nemətlərini bir araya yığsan, insanın can sağlığını əvəz eləməz. Hər işin başında sağlamlıq dayanır. Sağlamlığımızın qeydinə qalmağımız isə öz əlimizdədir. Özümüzü nə qədər qorusaq da, mütləqdir ki, xəstələnirik. Belə bir durumda isə insanın ağlına ilk gələn -həkim və dərmanlar olur.
Təəssüf ki, bir neçə il bundan öncə hansısa xəstəliyin müalicəsində istifadə edilən eyni dərmanları əldə etməkdə bu günlərdə bir sıra çətinliklərlə üzləşirik. Bunun səbəbi isə Azərbaycanda daxili bazarda dərman istehsalının olmamasıdır. Ölkəyə idxal edilən dərmanların isə müəyyən bir müddətdən sonra istehsalı ya dayanır, ya da fərqli tərkib və adla istehsal olunmağa başlayır. Bu isə təbii olaraq, alıcılarda sual yaradır. Bu dərmanı alsam, eyni effekti ala bilərəm yoxsa yox? Hətta zaman-zaman bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanların tapılmasında da çətinlik yaşanır. Bu problemlə rastlaşan bir çox insan var.
Götürək elə mövcud vəziyyəti. Artıq 6 aya yaxındır ki, ölkədə pandemiyaya qarşı mübarizə aparılır. Aydındır ki, virusa qarşı konkret vaksin hələ ki, tapılmayıb. Lakin, paralel istifadə edilən bəzi dərman preparatları var ki, əhalinin bir qrupu onları əldə etməkdə çətinlik çəkdiyini deyir. Bunun səbəbi isə dərman preparatlarını ixrac edən ölkələrin, şirkətlərin özlərinin də mövcud vəziyyətdə tələbatlarını qarşılamağa çalışmaları və bu dərman vasitələrini Azərbaycan kimi ölkələrə satmağa tərəddüd etmələridir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda daxili bazarda dərman preparatlarının istehsal olunmasına ehtiyac var. Niyə də yox? Ölkə prezidenti və vitse prezidentinin əczaçılıq məhsullarının yerli istehsalını dəstəklədiyi, hətta bununla bağlı sərəncam imzaladığı halda, hər cür şərait, infrastruktur, avadanlıqların mövcud olduğu zamanda niyə öz istehsalımız olmasın? Ölkəmizdə dərman vasitələrinin 97 %- nin idxal olunduğunu nəzərə alaraq demək olar ki, dərman istehsalına başlanılsa bu kimi problemlər aradan qalxacaq.
Azərbaycanda dərman istehsalına başlanılması bizə bir çox üstünlüklər qazandıracaq:
-Dərmanlar ölkə daxilində yüksək keyfiyyət və müvafiq standartlara uyğun şəkildə istehsal olunacaq,
-Əhalinin istənilən təbəqəsi üçün əlçatan olacaq,
-Gözlənilməz pandemiyalar zamanı kifayət qədər ehtiyat dərman bazası olacaq və ən əsası yüksək keyfiyyət, sərfəli qiymətlə təklif olunacaq.
-Eyni zamanda ölkə daxilində istehsal edilən dərmanların “Made in Azərbaycan” brendi altında digər ölkələrə ixracı və tanınması da iqtisadi baxımdan kifayət qədər uğurlu olacaq.
İlkin mərhəldə bir sıra terapevtik sahələrin - ürək-damar xəstəlikləri, endokrinoloji, iltihabəleyhinə, nevroloji, ginekoloji və s. xəstəliklərinin müalicəsinə aid dərman preaparatlarının istehsalı heç də pis olmazdı.
Ölkədə hər il ən çox müşahidə edilən xəstəliklərin statistikası aparılır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanda 32 min 471 nəfər qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar xəstəlikləri), 2 min 687 nəfər həzm sistemi xəstəliklərindən, 2 min 783 nəfər ağciyər vərəmindən ölüb.
Aydın məsələdir ki, ağır xəstəliklərdə ölüm halları qaçınılmazdır. Lakin ölkə daxilində dərman istehsalına başlanılması əhali arasında rahatlıq yaradacaq. Daha keyfiyyətli, üstəlik, münasib qiymətə yüksək keyfiyyətli, çox təsirli dərman preparatlarının istehsalı üçün yollar çox əlçatandır.
Belə ki, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin Sədri, Beynəlxalq Əczaçılıq Federasiyası (FİP) fərdi üzvü Vüqar Məhərrəmov da ölkədə əczaçılığın, dərman sənayesinin inkişafına təkan verəcək addımları yüksək qiymətləndirdiyini deyib.
Onun fikrincə bu ilk növbədə yeni iş yerlərinin yaranması deməkdir:
“Ölkədə dərman istehsalı ilə bağlı zavod fəaliyyətə başlayacaqsa, burada yalnız əhalinin tələbatı deyil, xarici ölkələrin bazarları da nəzərdə tutulacaq. Azərbaycan istehsalı olan dərmanlar “Made in Azerbaijan” brendi altında xarici ölkələrə də çıxa biləcək”.
Ölkədə keyfiyyətli dərman istehsalı və ixracı üçün hər cür şəraitin olduğunu deyən V.Məhərrəmov peşəkar kadr məsələsinə də toxunub:
“Savadlı, peşəkar kadrlarımız, əczaçılarımız var. Lakin onların bir qədər də təkmilləşməyə ehtiyacı var. Azərbaycan Dövlət Tibb Universitetindən hər il 60-ya yaxın əczaçı məzun olur. Əczaçılıq sahəsi də digər sahələr kimi ilbəil inkişaf edir. Hər il yeni avadanlıqlar, yeni texnologiyalar çıxır ki, bunlar araşdırılmalıdır. Peşəkar kadrlarımız var, lakin, düşünürəm ki, mütəxəssislərimiz mütləq qaydada Avropada, Amerikada bu sahədə çalışan peşəkarlarla birgə xüsusi təlimlərdə iştirak edib, onların təcrübələrindən faydalansalar perspektivlər daha da artar”.
Ölkə olaraq öz brendimizə məxsus dərman istehsalına başlamağın vaxtıdır. Cəmiyyətdə bu istiqamətdə fikirlər artıq pik həddə çatıb və bu, heç də təəccüblü deyil. Azərbaycanda səhiyyə strukturlarını nəzərə alsaq, bu sektorda ilk addımın atılması, idarə olunması çox rahat olacaq. Ən əsası cəmiyyət tərəfindən asanlıqla qəbul ediləcək.