azerbaycanin-dovlet-borcu-aciqlandi

Azərbaycanın dövlət borcu açıqlandı

01 yanvar 2021-ci il tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8 milyard 100.4 milyon ABŞ dolları və ya 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19,0 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və ya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 821.5 milyon ABŞ dolları (14 milyard 996.5 milyon manat) və ya ÜDM-in 20,7 faizini təşkil etmişdir. 

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir. 

01 yanvar 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1 milyard 942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil etmişdir.

Xatırladaq ki, 01 yanvar 2020-ci il tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8 milyard 320 milyon ABŞ dolları və ya 2019-cu il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 17,3 %-ni, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon ABŞ dolları və ya ÜDM-in 1,6%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 9 milyard 91 milyon ABŞ dolları və ya ÜDM-in 18,9%-ni təşkil etmişdir.